Azərbaycan bu ölkənin Mərkəzi Bankı ilə memorondum imzalayıb

16:03 - 26.05.2025


26 may, Fineko/abc.az. Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb.

AMB-dən ABC.AZ-a verilən məlumata görə, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov və sədrin müşaviri Ülvin Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərinə səfər ediblər. Səfər çərçivəsində bu ölkənin Mərkəzi Bankının (BƏƏMB) sədri Xaled Məhəmməd Balama ilə görüş təşkil olunub.

Görüş zamanı iki ölkənin bank-maliyyə sektorları arasında mövcud əlaqələr, mərkəzi banklar arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb, bank və sığorta, eləcə də rəqəmsal ödənişlər infrastrukturu və nəzarət texnologiyaları sahəsində tənzimləyici və qanunverici çərçivələrin təkmilləşdirilməsi üzrə görülən işlər müzakirə edilib, qurumlar arasında sıx və məhsuldar əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb.

Görüşün sonunda maliyyə sektoru üzrə əməkdaşlıq, təcrübə və məlumat mübadiləsinin möhkəmləndirilməsi üçün Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.