16:56 - 23.04.2025
23 aprel, Fineko/abc.az. Rusiya və Çin Beynəlxalq Ay Tədqiqat Stansiyası (ILRS) layihəsi çərçivəsində Ay səthində atom elektrik stansiyası (AES) quraşdıra bilərlər.
ABC.AZ xəbər verir ki, Reuters məlumatına görə, məlumat Şanxayda keçirilən təqdimatda kosmik missiyanın baş mühəndisi Pey Çjaoyunun təqdimatında yer alıb. AES-lə yanaşı, Ay bazasının enerji təminatı üçün nəhəng günəş panellərinin də istifadə olunacağı bildirilir.
Çinin planlarına əsasən, Ayın Cənub qütbündə yaşayış bazasının qurulması üçün təməl “Çanye-8” avtomatik stansiyası tərəfindən qoyulacaq, onun buraxılışı isə 2028-ci ilə planlaşdırılıb. Layihənin birinci mərhələsində Aya eniş modulu, aygəzəni və Ayın resursları və relyefini tədqiq edəcək robot göndəriləcək.
İkinci mərhələdə isə Ay stansiyasının idarəetmə mərkəzinin yaradılması, həcmi böyük yüklərin çatdırılması, enerji təminatı, kommunikasiya və nəqliyyat xidmətləri üçün orbital modulların qurulması planlaşdırılır. Ay stansiyasının məsafədən idarə olunan şəkildə tam şəkildə qurulması 2036-cı ilə qədər nəzərdə tutulur.