Azərbaycanda 40 Latviya şirkəti var - AZPROMO rəhbəri

17:30 - 28.11.2024


28 noyabr, Fineko/abc.az. Azərbaycanda təxminən 40 Latviya şirkəti fəaliyyət göstərir.

ABC.AZ xəbər verir ki, bunu AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Bakıda “Azərbaycan-Latviya informasiya və şəbəkə görüşü” mövzusunda keçirilən tədbir çərçivəsində bildirib.

“Biz əminik ki, bu göstəricini artırmaq mümkündür. Bu, həm ikitərəfli əlaqələrin gücləndirilməsi, həm də ticarət dövriyyəsinin genişləndirilməsi və şirkətlərin fəaliyyətinin artırılması ilə bağlıdır”, — deyə Y.Abdullayev vurğulayıb.

2023-cü ildə Azərbaycan nümayəndə heyəti “Riga Food” sərgisində qonaq qismində iştirak edib. 2024-cü ildə isə bütün resurslar və səylər COP29-a hazırlıq istiqamətinə yönəldildiyindən, Azərbaycan payız mövsümündə beynəlxalq sərgilərdə, Şanxay sərgisi istisna olmaqla, iştirak etməyib.

“2025-ci ildə ənənəvi olaraq payızda keçirilən “Riga Food” sərgisində iştirak etməyi planlaşdırırıq. Bu tədbir ikitərəfli əlaqələrin inkişafı üçün mühüm platforma olacaq”, — deyə Y.Abdullayev əlavə edib.