Daha 2 ünvanda 549 mənzil kirayə üsulu ilə satışa çıxarılır

15:33 - 26.11.2024


26 noyabr, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində vətəndaşlara daha 549 tam təmirli mənzil təqdim edir.

O cümlədən Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən yaşayış kompleksi üzrə 201 mənzil təklif olunur ki, bunlar da əsasən 2, 3 və 4 otaqlı yaşayış sahələridir. Kompleksdə mənzillərin aylıq ödənişləri 546 manatdan başlayır.

ABC.AZ xəbər verir ki, Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən kompleksdə isə 1 və 2 otaqlı olmaqla 348 mənzil təklif olunur. Bu kompleks üzrə mənzillərin aylıq ödənişləri 448 manatdan başlayır.
Yeni mənzillər “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən seçim üçün 3 dekabr 2024-cü il tarixindən açıq olacaq. Vətəndaşlar təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 5581 kirayə müqaviləsi bağlanılıb.