Sahibə Qafarova: Ölkəmiz anomal istilər, su qıtlığı, Xəzərin dayazlaşması və daşqınlarla üzləşib

13:04 - 16.11.2024


16 noyabr, Fineko/abc.az. Azərbaycan son illərdə anomal istilik, su çatışmazlığı və daşqınlar kimi iqlim dəyişikliyinin nəticələri ilə üzləşib. 

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin (parlamentinin) sədri Sahibə Qafarova bildirib.

"Dünyanın bütün ölkələri, o cümlədən Azərbaycan iqlim dəyişikliyinə məruz qalıb. Son onilliklərdə ölkəmiz anomal istilik, su çatışmazlığı, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və daşqınlarla üzləşib", – deyə Qafarova şənbə günü Bakıda COP29 çərçivəsində keçirilən parlament görüşündə bildirib.

Onun sözlərinə görə, BMT-nin iqlim konfransının Azərbaycanda keçirilməsi ölkənin iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə qətiyyətini və sadiqliyini vurğulayır.

Qafarova həmçinin bildirib ki, parlament Hökuməti iqlim fəaliyyətinin genişləndirilməsində fəal dəstəkləyir.

"İqlim böhranı çətinləşdikcə onun mənfi nəticələrini aradan qaldırmaq da çətinləşir. Hesab edirəm ki, biz bu sahədə qanunvericiliyi təkmilləşdirməli, hökumətləri daha fəal hərəkət etməyə təşviq etməli və onların öhdəliklərinin yerinə yetirilməsində israr etməliyik", – deyə o vurğulayıb.