Azərbaycanda karbon emissiyaları son beş ilin minimumuna enib

16:27 - 12.11.2026


12 noyabr, Fineko/abc.az Qlobal Karbon Layihəsinin COP31 çərçivəsində təqdim etdiyi “Qlobal Karbon Büdcəsi 2026” hesabatına əsasən, 2025-ci ildə Azərbaycanda qalıq yanacaq və sənaye prosesləri ilə bağlı karbon dioksid (CO₂) emissiyaları əvvəlki illə müqayisədə 2,2% azalaraq son beş ilin ən aşağı səviyyəsinə — 38,39 milyon tona enib. Hesabata görə, 2023-cü ildə 42,28 milyon ton, 2024-cü ildə isə 39,24 milyon ton olan göstərici son iki ildə 9,2% geriləyib və ötən il ölkədə adambaşına düşən 3,69 tonluq emissiya dünya ortalamasından (4,74 ton) təxminən 22% aşağı olub.

Qlobal miqyasda emissiyaların 1,2% artdığı dövrdə Azərbaycanda bu azalmaya yaşıl enerji istehsalının genişlənməsi də töhfə verib; belə ki, 2025-ci ildə külək və günəş stansiyalarında istehsal 26,7% artaraq 769,5 milyon kilovat-saata, 2026-cı ilin ilk doqquz ayında isə təkcə külək stansiyalarında 11 dəfə artımla 768,7 milyon kilovat-saata çatıb.