Azərbaycanda ən çox gəlir gətirən qoruqların adları açıqlanıb

11:37 - 22.10.2026


22 oktyabr, Fineko/abc.az. Azərbaycandakı qoruqların əksəriyyəti rentabelli fəaliyyət göstərir.

Bu barədə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli jurnalistlərə açıqlamasında bildirib.

Mərkəz rəhbəri ən çox gəlir əldə edən ərazilər sırasında “Yanardağ”, “Atəşgah”, eləcə də Şəkidəki “Yuxarı Baş” və Kiş qoruqlarının yer aldığını qeyd edib.

Ötən il qoruqların dövlət büdcəsinə ümumilikdə 6,2 milyon manat gəlir qazandırdığı diqqətə çatdırılıb.

Açıqlamada tarixi abidələrdə aparılan bərpa layihələrinin uzanması səbəblərinə də toxunulub.

Murad Ağabəylinin sözlərinə görə, bərpa zamanı əlavə tədbirlərə ehtiyac yarandığından 2-3 illik layihələrin müddəti daha 1-2 il uzana bilir.

Sahədəki əsas çətinliklərdən biri isə bərpaçı yerli mütəxəssis və ustaların azlığıdır.

Abidələrin ilkin görkəminin qorunması və ənənəvi sənətkarlığın gələcək nəsillərə ötürülməsi üçün yerli kadrların prosesə cəlbi xüsusi əhəmiyyət kəsb edir.

Nümunə kimi Şəki Xan sarayının şəbəkələrini sovet dönəmində Əşrəf Rəsulovun, hazırda isə oğlu Tofiq Rəsulovun bərpa etməsi göstərilib.

Mərkəz rəhbəri vurğulayıb ki, Şəki ilə yanaşı, Basqal və Xınalıq kimi tarixi ərazilərdə də bərpa işlərinin səmərəliliyi üçün məhz yerli ustaların təcrübəsindən geniş faydalanılır.