“Foxconn” Meksikada çip zavodu tikəcək

10:17 - 9.10.2024


9 oktyabr, Fineko/abc.az  Tayvanın “Hon Hai Precision Industry” (Foxconn) korporasiyası “Nvidia”nın sifarişi ilə Meksikada “superçip” istehsalı üçün zavod tikməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə “Foxconn”un baş direktoru Yanq Liu şirkətin illik texnologiya konfransında bildirib.

Top-menecerin sözlərinə görə, Qvadalaxaradakı zavod belə çiplərin yığılması üçün ən böyük sahəyə çevriləcək. Qeyd olunur ki, “superçip” kimi güclü prosessorlar ilk növbədə süni intellekt sistemləri üçün istifadə olunacaq.

“Foxconn”un Meksikada zavod tikmək qərarı bir çox texnoloji şirkətlərin Çindən tədarükdən asılılığını azaltmaq istəyinin əlamətidir. ABŞ və Çin arasındakı gərginlik, eləcə də Çində əmək xərclərinin artması və yerli qaydaların sərtləşdirilməsi səbəbindən bir çox Qərb korporasiyası istehsalı başqa ölkələrə köçürməyə çalışır.