Bakıda ilk dəfə olaraq Azərbaycan Halal Biznes və Turizm Forumu keçiriləcək

14:13 - 1.10.2024


1 oktyabr, Fineko/abc.az. Bu il oktyabrın 8-9-da Bakıda ilk dəfə olaraq Azərbaycan Halal Biznes və Turizm Forumu (AZHAB Forum) keçiriləcək.

ABC.AZ xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb. 

Forumun məqsədi investisiya və ticarət sahəsində əməkdaşlığın qurulmasına, fikir və təcrübə mübadiləsi aparmağa, həmçinin Azərbaycana xarici investisiyaların cəlb edilməsinə kömək etməkdir. 

Forum iki hissədən ibarət olacaq: konfrans və sərgi. Konfrans çərçivəsində panel müzakirələr təşkil olunacaq, sərgi hissəsində isə Azərbaycan və xarici ölkələrin şirkətləri tərəfindən istehsal olunan mal və xidmətlər təqdim olunacaq. 

Forumun işində 20-yə yaxın ölkənin rəsmiləri, mütəxəssisləri, akademik dairələrin və beynəlxalq təşkilatların nümayəndələri, iş adamları iştirak edəcəklər.