15:59 - 30.01.2024
30 yanvar, Fineko/abc.az. Azərbaycandan Amerika Birləşmiş Ştatlarına səfər etmək istəyən və buna görə, viza üçün müraciət edən şəxslərin 3-də biri imtina cavabı alır.
ABC.AZ xəbər verir ki, son məlumatlara görə, 2023-cü ildə ABŞ səfirliyinə viza üçün müraciət edənlərin 36%-nə viza verilməsindən imtina edilib.
Qeyd edək ki, keçmiş sovet respublikaları arasında ABŞ vizası ilə bağlı ən yaxşı vəziyyət Baltikyanı dövlətlərdə, xüsusilə Latviyadadır – burada viza üçün müraciət edənlərin cəmi 9%-i imtina alır, 91% üçün isə vizaya müsbət cavab verilir.
Litvada viza müraciətlərinin 13,4%-nə, Estoniyada isə 16,2%-nə imtina verilir. Qalan hissə vizasını uğurla ala bilir.
MDB ölkələri arasında isə ABŞ vizaları ilə bağlı ən yaxşı vəziyyət Belarusdadır. ABŞ və Belarus arasında siyasi münasibətlər olduqca gərgin olsa da, Belarus vətəndaşlarının ABŞ vizası alması başqa respublikalardan daha asandır – bu ölkədə ABŞ vizasından imtina faizi cəmi 33% təşkil edir. Vizanın asanlığına görə, sonrakı yeri Azərbaycan və daha sonra Rusiy tutur – şimal qonşumuzun ABŞ-la münasibətlərinin gərgin olması rusların viza almasına mane olmayıb – hər 100 nəfərdən 61-i viza ala bilib.
ABŞ səfirliyinə viza üçün müraciət edən Qırğızıstan vətəndaşlarının 41,4%-i, Qazaxıstan vətəndaşlarının 41,9%-i, moldovalıların 42,4%-nə viza imtinası verilir.