Təzə nazir balıq və balıq məhsullarının qiymətinin yüksək olmasının səbəbini açıqladı

15:44 - 19.12.2023


19 dekabr, Fineko/abc.az. Aşağı məhsuldarlığa malik balıq növləri yem təminatı baxımından da təsərrüfatlar üçün əlverişli deyil.

ABC.AZ-ın məlumatına görə, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib və əlavə edib ki, bütün bunlar təbii və süni su hövzələrinin və torpaqların səmərəsiz istifadəsinə, kənd təsərrüfatı təyinatlı torpaqların balıq nohurçuluğu üçün istifadəsi və dövriyyədən çıxarılmasına, balıq və balıq məhsullarının qiymətinin yüksək olmasına, idxal həcminin artmasına və ixrac imkanlarının azalmasına səbəb olur.

"Bundan əlavə, şirin su və kənd təsərrüfatı istehsalı üçün torpaq ehtiyatlarımızın məhdud olduğu nəzərə alındıqda, balıqyetişdirmə fəaliyyətinin genişləndirilməsi yeni innovativ biotexnologiyaların, o cümlədən qapalı su təchizatı sistemlərinin tətbiqi və dəniz akvakulturasının inkişafı daha çox diqqət tələb edir” - deyə nazir bildirib.

M.Məmmədov əlavə edib ki, daxili su hövzələrində balıqartırma-meliorativ tədbirlərinin həyata keçirilməsi nəticəsində ölkədə balıq məhsullarının məhsuldarlığını artırmaq mümkündür:

“Ölkəmizdə akvakulturanın inkişafı istiqamətində beynəlxalq təcrübələr nəzərə almaqla müasir tələblərə cavab verən sənaye üsulu ilə sağlam və dayanıqlı balıqçılıq təsərrüfatlarının artırılmasını, balıqçılığın idarəetmə strukturunun təkmilləşdirilməsi, akvakultura ilə məşğul olmaq istəyən sahibkarlar üçün prosedurların sadələşdirilməsi vacib hesab edirik. Qeyd olunan məsələlərdə nəaliyyətin əldə edilməsi üçün aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar və maraqlı tərəflərlə birgə qarşılıqlı sıx fəaliyyət göstərməliyik”.