Azərbaycanda mikrokreditlər alan qadın sahibkarların xüsusi çəkisi bu qədər artıb

12:21 - 12.07.2023


12 iyul, Fineko/abc.az. Azərbaycanda mikrokreditlər alan qadın sahibkarların xüsusi çəkisi 1996-cı ildə cəmi 4 % olduğu halda, hazırda 32 %-dir.

ABC.AZ xəbər verir ki, bunu “Azərbaycan Mikromaliyyə Assosiasiyası” (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva Bakıda qadınların səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı təlimdə bildirib.

Onun sözlərinə görə, bu gün qadın sahibkarlar əsasən kənd təsərrüfatı sahəsində fəaliyyətə maraq göstərir, lakin iqtisadiyyatın digər sahələrinə də onların marağı artmaqdadır.

“Qadın sahibkarlığı ümumi daxili məhsulun artmasına ciddi töhfə verə bilər”, – deyə J.Hacıyeva qeyd edib.

Təlimdə çıxış edən BMT-nin İnkişaf Proqramının (UNDP) rəsmisi Leyla Fəthi bildirib ki, proqram 170 ölkəni əhatə edir, gender bərabərliyinə, eləcə də yoxsulluğun aradan qaldırılmasına, yaxşı idarəetməyə, sülhün qorunmasına, iqlim dəyişikliynəi və fəlakətlərin idarə edilməsi, iqtisadi inkişafa dəstək verir, hökümətlərlə birgə iş apararaq Dayanıqlı İnkişaf Məqsədlərinin milli inkişaf proqramlarına və siyasətlərinə inteqrasiya olunmasına kömək edir.