14:31 - 17.05.2023
17 may, Fineko/abc.az. Prezident İlham Əliyev mayın 17-də Slovakiya parlamentinin sədri Boris Kolları qəbul edib.
ABC.AZ xəbər verir ki, dövlət başçısı Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakına görə təşəkkürünü bildirib, bunu ölkələrimiz arasında əlaqələrin yaxşı göstəricisi kimi dəyərləndirib.
Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında fəal dialoqun həyata keçirilməsindən məmnunluğunu bildirərək Boris Kolların səfərinin əməkdaşlığın perspektivləri ilə bağlı müxtəlif sahələrdə, o cümlədən parlamentlərarası əlaqələrin inkişafı üzrə müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını deyib.
Enerji sahəsində əlaqələrə toxunan dövlətimizin başçısı bu ilin aprelində Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanmasının önəmini qeyd etdi, “Həmrəylik Halqası” STRİNG layihəsi çərçivəsində də ölkələrimiz arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bildirdi. Prezident İlham Əliyev ticarət, qarşılıqlı investisiya qoyuluşu, nəqliyyat sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.