14:27 - 15.05.2023
15 may, Fineko/abc.az. Prezident İlham Əliyev mayın 15-də Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edib.
ABC.AZ xəbər verir ki, dövlət başçısı Adel bin Əbdulrəhman əl-Asuminin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakından məmnunluğunu ifadə edib.
Prezident İlham Əliyev Ulu Öndərin Azərbaycanın ərəb ölkələri ilə münasibətlərinin inkişafına çox böyük töhfə verdiyini vurğulayaraq, bu gün də bu siyasətin davam etdirildiyini bildirdi, özünün ərəb ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşlərinin və qarşılıqlı səfərlərin bunun əyani sübutu olduğunu dedi. Xalqlarımızı ortaq tarixin birləşdirdiyini vurğulayan dövlətimizin başçısı ərəb ölkələri ilə münasibətlərin uğurla və hərtərəfli inkişaf etdiyini dedi, ötən il Ərəb Liqasının Zirvə Toplantısına dəvət olunmasını əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirdi.
Dövlət başçısı ərəb ölkələrinin həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də Zəfərimizdən sonra Azərbaycanla həmrəy olmasını yüksək qiymətləndirdi və Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də çoxsaylı qətnamələr qəbul olunmasının önəmini qeyd edib.