650 yeni iş yeri açılacaq

16:47 - 11.04.2023


11 aprel, Fineko/abc.az. 2023-cü ilin hələ tamam olmayan 4 ayı ərzində sənaye zonalarında 12 yeni rezident qeydiyyatdan keçib. Təqdim olunan layihələr üzrə 100 milyon manat investisiya yatırılması gözlənilir.

Bu barədə ABC.AZ-a İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Elşad Nuriyev məlumat verib.

“Sənaye parklarında rezidentlərin sayı artmaqda davam edir. Son 4 ayda bizim əlavə 12 rezidentimiz qeydiyyatdan keçib. Bu rezidentlər sənaye parklarına ümumilikdə 100 milyon manat investisiya yatıracaqlar və əlavə 650 yeni iş yerinin açılması planlaşdırılır”.

Agentlik rəhbərinin sözlərinə görə, yeni rezidentlər həm Ağdam Sənaye Parkında, həm də əvvəlcədən mövcud olan sənaye parklarında qeydiyyatdan keçiblər.

E. Nuriyev bildirib ki, artıq bəzi rezidentlər işə başlayıblar, bir çoxu isə, xüsusilə işğaldan azad edilmiş ərazilərdəki sənaye parklarında - əsas infrastrkautur işlərinin, məsələn  qaz çəkilişinin bitməsini gözləyirlər.