11:17 - 16.03.2023
16 mart, Fineko/abc.az. Azərbaycanda iqtisadiyyatın diversifikasiyası sektorunun inkişafı üçün peşə təhsili və təliminin modernizasiyası proqramının 2023-cü ilin birinci yarısında təsdiq olunması planlaşdırılır.
ABC.AZ xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Kendis Makdeyqan deyib.
Makdeyqanın sözlərinə görə, 2022-ci ildə AİB iqtisadiyyatın diversifikasiyası sektorunun inkişafı üçün modernizasiya proqramının hazırlığına 750 000 dollar dəyərində texniki yardım qrantını təsdiqləyib.
"Təklif edilən proqram Azərbaycan hökumətinin iqtisadiyyatın diversifikasiyası üzrə səylərini dəstəkləməyə yönəlib. Bu, peşə təhsili və təliminin ölkənin əmək bazarına və 4-cü sənaye inqilabına uyğunluğunu artırmaq yolu ilə əldə olunacaq",- o deyib.
Makdeyqan bildirib ki, proqram üçün 120 milyon dollar dəyərində borc və 30 milyon dollar dəyərində layihə borcu ayrılıb. Onun sözlərinə görə, bu, peşə təhsilini yaxşılaşdırmağa və daha inklüziv etməyə, keyfiyyəti və aktuallığı artırmağa, habelə onun institusional çərçivələrini möhkəmləndirməyə kömək edəcək.