Azərbaycanın Ermənistana ixracı 23,4 milyon dolları keçib

11:01 - 19.10.2026


19 oktyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ermənistana 23 milyon 450,07 min dollar dəyərində məhsul ixrac olunub.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına əsasən, bu göstərici hesabat dövründə Azərbaycanın ümumi ixracının 0,1%-ni təşkil edib.

Ölkələrarası ticarət əlaqələrində idxal göstəricisinə gəlincə, ilin ilk 9 ayında Azərbaycanın Ermənistandan dolayısı ilə idxalı 96,5 min dollar təşkil edib ki, bunun da 95,5 min dolları təkcə sentyabr ayının payına düşüb.

Tranzit məhdudiyyətlərinin aradan qaldırılmasından sonra başlayan yükdaşımalar çərçivəsində SOCAR tərəfindən Ermənistana minlərlə ton Aİ-92, Aİ-95 markalı benzin və dizel yanacağı göndərilib.

Təkcə sentyabrın 5-də bu ölkəyə təxminən 16 min ton dizel yanacağı, eləcə də 5 min tona yaxın benzin yola salınıb.

Eyni zamanda, Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya və Qazaxıstan mənşəli müxtəlif təsərrüfat yükləri daşınıb. Bu daşımalara minlərlə ton buğda, arpa, un, qarabaşaq yarması, kimyəvi gübrələr (karbamid daxil olmaqla), həmçinin alüminium, taxta, daş kömür və propan kimi məhsullar daxil olub. Transport əməliyyatları əsasən dəmir yolu vaqonları vasitəsilə həyata keçirilib.