Azərbaycanın bank sektorunda təmərküzləşmə artır: Aktivlərin 70%-dən çoxu 5 bankda cəmləşib

16:36 - 19.10.2026


19 oktyabr, Fineko/abc.az. 2026-cı il oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların ümumi aktivləri 63,62 milyard manata çatıb. Sektorun əsas payı ilk beş bankın — “ABB”, “Kapital Bank”, “PAŞA Bank”, “Xalq Bank” və “Bank Respublika”nın öhdəsinə düşür.

Bu bankların ümumi aktivləri 45,51 milyard manat təşkil edərək ümumi bazarın 71,5 faizini əhatə edir. Təmərküzləşmə xüsusilə ilk üç bankda (“ABB”, “Kapital Bank” və “PAŞA Bank”) daha qabarıq görünür; onların cəmi aktivləri 40,02 milyard manat olmaqla sektorun 62,9 faizinə bərabərdir.

İlın əvvəli ilə müqayisədə ilk üç bankın bazar payı 60,6 faizdən 62,9 faizə yüksəlib, təmərküzləşməni ölçən Herfindal-Hirşman indeksi (HHI) isə 1 377-dən 1 472-yə qalxıb.

Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə isə Maliyyə Sabitliyi Hesabatının təqdimatında bildirib ki, Azərbaycanda bank sektorunda təmərküzləşmə hazırda orta səviyyədə qiymətləndirilir.

O, son dörd il ərzində iri bankların ümumi bazar payının azaldığını, kiçik bankların mövqeyinin isə müəyyən qədər yaxşılaşdığını vurğulayıb.

Mərkəzi Bank rəsmisi ölkədə yüksək səviyyəli təmərküzləşməyə çatmaq üçün hələ lazımi şəraitin formalaşmadığını da əlavə edib.