Son 20 ildə Azərbaycan 350 milyard dollardan çox investisiya cəlb edib - Nazir

17:26 - 12.10.2026


12 oktyabr, Fineko/abc.az. 2020-ci ildən bəri Azərbaycanda qeyri-neft-qaz iqtisadiyyatı hər il orta hesabla 5 % böyüyüb və ötən il onun ümumi daxili məhsuldakı payı 72 %-ə çatıb.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Kamboca Biznes Forumunda bildirib.

"Hazırda Azərbaycan iqtisadiyyatını özəl sektor idarə edir", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, ölkənin strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 110 %-i ötüb, xarici dövlət borcu isə ÜDM-in cəmi 5,6 %-ni təşkil edir: "Biz proqnozlaşdırıla bilən və şəffaf mühitə malik olmağımızla qürur duyuruq".

"Son 20 ildə Azərbaycan 350 milyard ABŞ dollarından çox investisiya cəlb edib. Bunun yarısını birbaşa xarici investisiyalar təşkil edir. Özəl sektor iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olub. Son 8 ildə bu sektorda iş yerlərinin sayını iki dəfə artırmışıq. Qeyri-neft-qaz sektoru üzrə ixracatçılarımızın sayı da son 6 ildə iki dəfə artıb. Məhz buna görə sahibkarlar üçün yeni dəstək mexanizmləri tətbiq etməyə davam edirik. Biznes subyektlərinin güzəştli kreditlərə, kredit zəmanətlərinə, kreditlər üzrə subsidiyalaşdırılan faiz dərəcələrinə çıxışı var. Bundan əlavə, hökumət ixracatçıların daşınma və logistika xərclərinin 70 %-ə qədərini kompensasiya edir. Bu, Azərbaycanda istehsal olunan məhsulların xarici bazarlara daha rəqabətqabiliyyətli şəkildə çıxmasına imkan yaradır", - deyə M.Cabbarov əlavə edib.