12:30 - 21.02.2023
21 fevral, Fineko/abc.az. Fevralın 6-da Türkiyənin cənubunda baş vermiş zəlzələnin ölkənin turizm sektoruna necə təsir edəcəyi hələ də müzakirə mövzusudur. Bunu nəzərə alaraq sözügedən məsələ barədə silsilə yazılar sizin diqqətinizə çatdırırıq.
Bu dəfə ABC.AZ olaraq turizm eksperti Əziz Şiriyevin fikirlərini sizinlə bölüşürük.
Məsələ ilə bağlı ekspert bildirib ki, zəlzələ bölgəsi Türkiyənin əsas turistik rayonlarından uzaq olsa da, bu ölkəyə turist axınına təsirsiz ötüşməyəcək.
"Amma insanlar Türkiyədə əsasən yay aylarında istirahət edirlər, yəni zəlzələnin psixoloji təsirindən çıxmaq üçün hələ vaxt var. Problem yaransa belə forsmajor qaydalarına uyğun olaraq turizm şirkətlərinə tur paketlərin ləğvi barədə məlumat göndərilir. Müştərilərin ya pulu qaytarılır, ya da nöbəti tura təxirə salınır. Hazırda bizim fevralın 23-nə İstanbula qrup turumuz var. Hələ ki, heç bir problem yaşanmayıb. Əgər hər hansı problem yaranarsa aviaşirkətlər sərnişinlərin pulunu cəriməsiz qaytarırlar", - turizm eksperti deyib.
Ə.Şiriyev bildirib ki, turist axınını təmin etmək üçün endirimlər də gözləniləndir:
"Dünyanın bir çox ölkələrindən Türkiyəyə turist axını var. Ancaq hər bir halda zəlzələ Türkiyənin turizm sektoruna təsirsiz ötüşməyəcək və azalmalar müşahidə olunacaq. Hazırda Azərbaycanda fəaliyyət göstərən turfirmalar zəlzələdən sonra Türkiyəyə olan paketlərə endirim edirlər. Bunun da əsas səbəbi əvvəlki kimi tələbin olmaması ilə bağlıdır", - Ə.Şiriyev qeyd edib.