İlham Əliyev Almaniyada mühüm görüşlər keçirir

14:46 - 17.02.2023


17 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdədir.

ABC.AZ xəbər verir ki, fevralın 17-də dövlətimizin başçısı Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşüb.

Prezident İlham Əliyev Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı şəraitin yaradıldığını, alman şirkətləri ilə uğurlu təcrübəmizin olduğunu, ölkələrimiz arasında sənaye, ticarət və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələrinin mövcudluğunu qeyd edib.

Dövlətimizin başçısı ötən il Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin genişlənməsini yüksək qiymətləndirdi, qarşılıqlı ixracın artmasını müsbət amil kimi dəyərləndirib.

Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu və Avropa İttifaqı ilə ölkəmiz arasında sıx münasibətlərin mövcudluğunu bildirib.