“Twitter” marixuananın reklamına icazə verdi – İlon Maskdan gözlənilməz qərar

12:03 - 16.02.2023


16 fevral, Fineko/abc.az. İlon Mask son zamanlar qəribə qərarları ilə diqqət çəkməkdə davam edir. Belə ki, ona məxsus “Twitter” sosial şəbəkəsinin administrasiyası öz siyasətində Amerika şirkətlərinə narkotik vasitələrin, yəni marixuananın reklamına icazə verən dəyişikliklər edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə “Politico” nəşri yazıb.

Şirkətin rəsmi tviter səhifəsində Biznes və Əməkdaşlıq bölməsində, məhdudiyyətlər nəzərə alınmaqla, marixuana reklamçılarının öz məhsullarını reklam edərkən Kanada və ABŞ-ı hədəf almasına icazə verilməsindən bəhs edilir.

Bunlara müvafiq orqanlar tərəfindən lisenziya verilməsi, yalnız mal və ya xidmətlərin internetdə təşviqi üçün icazəsi olan ölkələr və bölgələrə reklam təqdim etmək, onların təkliflərini azyaşlı internet istifadəçilərinə yaymamaq tələbləri daxildir.