Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə etməyən torpaq sahibləri 1 milyon manat cərimə olunub

12:05 - 23.05.2018


23 may, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi torpaq sahiblərinə xəbərdarlıq edir.

Komitənin məlumatında deyilir ki, artıq kənd təsərrüfatı təyinatlı  torpaqlardan istifadə etməyən və ya səmərəsiz istifadə edən torpaq sahiblərinə qarşı tədbirlər sərtləşdirilmişdir.

“Komitə, boş və fəaliyyətsiz qalan torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması istiqamətində təhlillər aparıb. Aparılan monitorinqlər nəticəsində 44 rayon üzrə 1500-ə yaxın fiziki şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya istifadəsiz qalması faktları aşkarlanıb. Aparılan tədbirlər nəticəsində 255 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib”, - deyə məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, qanunsuz hasarlanma və zəbt olunma halları daha çox Abşeron, Beyləqan. Bərdə, Göygöl, Sabirabad, Salyan, Goranboy, Xaçmaz rayonlarında aşkarlanıb. Neftçala, Samux, Hacıqabul, Şamaxı, Xızı, Ağstafa rayonlarında isə daha çox istifadəsiz torpaqlar müəyyənləşdirilib.

Bu günə qədər Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən kənd təsərrüfatı torpaqlarında 2600 pozuntu halı aşkar olunub, fiziki və hüquqi şəxslər barəsində 1 milyon manatdan çox cərimə tətbiq edilib.