Nizami rayonunda özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edən şəxs peyda olub

15:12 - 25.04.2022


25 aprel, Fineko abc.az. Bakı şəhəri Nizami rayonunun ərazisində özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs peyda  olub.

ABC.AZ xəbər verir ki, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən və “Azərsu” ASC-nin xidməti geyimində olan bu şəxs sahibkarlardan su sayğacının  quraşdırılması və dəyişdirilməsi müqabilində pul tələb edirmiş.

Həmin şəxs Nizami rayonu R.Rüstəmov 50A  ünvanında yerləşən özəl uşaq bağçasına 80 manata su sayğacının quraşdırılmasını təklif edib. Ətrafda yerləşən obyekt və mənzillərin sahibləri də əvvəllər onlara qarşı belə halın baş verdiyini bildiriblər.

Aşkar olunmuş fakt üzrə hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Vətəndaşların diqqətinə çatdırırlır ki, xidməti vəzifələrini yerinə yetirən “Azərsu” əməkdaşlarından vəsiqə tələb edilməli, heç bir halda onlara nağd pul ödənilməməlidir. Əməkdaşların və ya özünü “Azərsu” ASC-nin işçisi kimi təqdim edən şəxslərin qeyri-qanuni əməlləri ilə rastlaşdıqda dərhal 955 Zəng Mərkəzinə məlumat vermələri xahiş olunur.