Cari ildə sudan qanunsuz istifadə ilə bağlı 802 fakt aşkarlanıb

11:28 - 7.04.2022


7 aprel, Fineko/abc.az. “Azərsu” ASC Bakı şəhəri və regionlarda sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlayıb.

ABC.AZ xəbər verir ki, 2022-ci ilin mart ayında içməli sudan qanunsuz istifadə ilə bağlı 802 fakt aşkarlanıb. Aşkarlanmış faktların 704-ü Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, 98-i isə regionlarda qeydə alınıb. Həmin faktlar üzrə 223 min kubmetr həcmində sərfiyyat bərpa olunub.

Ümumilikdə cari ilin  birinci rübündə içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 2093 fakt aşkarlanıb. Ötən müddətdə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 1902, regionlarda isə 191 sudan qanunsuz istifadə halı qeydə alınıb. Bununla əlaqədar 566 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Cari ilin yanvar-mart aylarında  sudan qanunsuz istifadə ilə bağlı 60-dək fakt araşdırılması üçün  hüquq-mühafizə orqanlarına təqdim olunub. 

İçməli sudan uçotsuz və sayğacdankənar istifadə halları Abşeron yarımadası üzrə ən çox Binəqədi, Sabunçu və Xəzər rayonlarında, regionlarda isə Şirvan, Tovuz və İmişli şəhərlərində qeydə alınıb.

“Azərsu” ASC vətəndaşları və sahibkarları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildirir ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.