Qətər şirkəti azad olunmuş ərazilərdə külək elektrik stanaiyaları tikə bilər

15:11 - 21.02.2022


21 fevral, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazov Qaz İxrac edən Ölkələr Forumunun (GECF) tədbirləri çərçivəsində Dohada bir sıra görüşlər keçirib.

ABC.AZ xəbər verir ki, nazir, “Nebras Power” şirkətinin baş icraçı direktoru Xalid Məhəmməd Jolo ilə görüşüb.

Görüşdə qoyuluş gücü 550 MVt-dək olan qaz-turbin, eləcə də Laçın və Kəlbəcər rayonları ərazisində 100 MVt-lıq gücdə külək elektrik stansiyalarının tikintisi layihələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

Həmçinin işğaldan azad olunmuş ərazilərdə nəzərdə tutulan bərpa olunan enerji layihələri və Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialının reallaşdırılması ilə bağlı planlara dair fikir mübadiləsi aparılıb.

“Nebras Power” şirkəti ilə birgə planların Qətərlə enerji əməkdaşlığının inkişafı və enerji sektoruna investisiyaların cəlbi üçün fürsətlər yaratdığı qeyd edilib.