Ölkənin ən böyük yarımstansıyası yenidən qurulur

12:18 - 5.02.2021


5 fevral, Fineko/abc.az. "AzərEnerji” ASC 36 il əvvəl tikildiyindən istismar müddətini başa vuran 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasını yenidən qurur.

ASC-dən ABC.AZ-a verilən məlumata görə, bir neçə ay əvvəl başlanan yenidənqurma işləri nəticəsində “Abşeron” yarımstansiyasının 500, 330 və 220 kilovoltluq açıq paylayıcı qurğularında avadanlıqlar yenilənməklə yanaşı, paylayıcı qurğuların ərazisi genişləndirilib.

Tikintisi nəzərdə tutulan, Azərbaycan və Rusiya enerji sistemlərini əlaqələndirən ikinci 330 kV-luq “Dərbənd” Hava Xəttinin yuvası quraşdırılıb.

Ərazidə müasir tipli rəqəmsal panellər, mikroprosessor tipli rele mühafizəsi, həmçinin idarəetmə qurğuları və sabit cərəyan qurğuları ilə təchiz olunan yeni idarəetmə binası tikilib.

Hazırda avadanlıqların montaj işləri aparılır. Yarımstansiyaya 3 km məsafədə yeni asfalt yol çəkilir.