Şəhid ailələrinin ünvanları müəyyənləşdirilib - “YAŞAT” Fondu prosesə start verib

14:46 - 16.12.2020


16 dekabr, Fineko/abc.az. “YAŞAT” Fondunun əməkdaşları yaralanan və şəhid ailələrinin vəziyyətlərini araşdırmağa başlayıblar.

ABC.AZ xəbər verir ki, bu məqsədlə 69 qrup formalaşdırılıb və onlar aidiyyəti üzrə təlimlərə cəlb olunub.

Prosesdə "YAŞAT" Fondunun və "ASAN xidmət" mərkəzlərinin əməkdaşları, ASAN könüllüləri iştirak edirlər. "YAŞAT" Fondunun əməkdaşları şəhid ailələrinin üzvləri və qazilərimizdən təşkil olunublar. Həyata keçirilmiş tədbirlər çərçivəsində bütün şəhid ailələrinin yaşadıqları ünvanlar müəyyənləşdirilib, yaralananlarla bağlı siyahılar üzrə işlər isə yaxın günlərdə tam yekunlaşacaq.

“YAŞAT" Fondunun “Çağrı” Mərkəzi və elektron platforması qısa zamanda fəaliyyətə başlayacaq.

Bu günə qədər “YAŞAT" Fondu üçün həyata keçirilmiş ianələrin məbləği 10 milyon manatdan çoxdur. Fondun fəaliyyəti çərçivəsində müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacları yaxın müddətdə qarşılanacaq.