Bu qədər şəxsə pensiya və müavinət elektron qaydada təyin olunub

14:33 - 14.12.2020


14 dekabr, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün şəhid ailələri, Milli Qəhrəmanlarla bağlı proaktiv xidmətlər də daxil olmaqla, növbəti elektron yeniliklərinin – 4 proaktiv, 2 elektron, 5 e-arayış xidmətinin təqdimatını edib.

ABC.AZ-ın məlumatına görə, tədbirdə Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov vurğulayıb ki, Vətən müharibəsi şəhidlərinin ailələri, müharibədə yaralanmış qəhrəmanlarımızın sosial dəstəklə əhatə olunması üçün plan üzrə işlər aparır.

Qeyd edilib ki, nazirliyin elektronlaşma proqramının icrasında da həssas qruplar, şəhid ailələri ilə bağlı xidmətlərin elektronlaşdırılması diqqətdə saxlanılır.

Ötən ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiyaların, sonralar bir çox müavinət və təqaüdlərin e-qaydada təyinatına başlanıb.

Həmin vaxtdan bu ilin 1 dekabrına qədər 120 minədək şəxsə pensiya və müavinət, təqaüd e-qaydada təyin olunub.