Şəxsi istifadə üçün ölkəyə mal gətirilməsi qaydaları sərtləşdirildi

09:57 - 24.08.2020


24 avqust, Fineko/abc.az. Nazirlər Kabineti 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib.

ABC.AZ xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bundan sonra ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azaddır. İndiyə qədər bu şərt ümumi gömrük dəyəri 1500 ABŞ dollarından (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollarından) artıq olmayan mallara aid edilirdi.

Həmçinin, bundan sonra beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. İndiyə qədər bu məbləğ 1 000 ABŞ dolları idi.