Fərdi sahibkarların bank hesabları artsa da, vəsaitləri azalır

15:20 - 30.09.2026


30 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2026-cı ilin avqustunun sonunda bank sistemində fərdi sahibkar müştərilərin sayı 1 milyon 146,7 minə, onların cari bank hesablarının sayı isə 1 milyon 657,6 minə çatıb.

Sahibkar müştərilərin sayı 2025-ci ilin sonu ilə müqayisədə 11,2%, ötən ilin avqustu ilə müqayisədə 18,9%, cari hesablarının sayı isə illik müqayisədə 26,7% artıb.

Müştəri və hesab sayının yüksəlməsinə baxmayaraq, sahibkarların banklarda saxladığı depozitlər ilin ilk 8 ayında 10,7% (47,9 mln. manat), yalnız iyul ayı ilə müqayisədə isə 6,8% (29,1 mln. manat) azalaraq 448,9 mln. manatdan 401 mln. manata düşüb.

Avqustun sonunda bu vəsaitlərin 375,2 mln. manatını milli valyuta, 25,8 mln. manatını isə xarici valyuta təşkil edib.

Bir ay ərzində xarici valyutada saxlanılan vəsaitlər 66,4% azaldığı halda, manatla olan vəsaitlər 6,2% artım göstərib.