Ayda bir nəfər dükanlarda ortalama 305 manat xərcləyir – Hesabat

11:50 - 22.07.2020


22 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18 milyard 245,7 milyon manatlıq, o cümlədən 9 milyard 729,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8 milyard 516 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,9 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,9 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1 faiz artıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 305,3 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2 manat çox olub.

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 162,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,5 manatlıq qeyri-ərzaq malları alıb.

Müəllif: Elmir Murad