Azərbaycan xaricə balıq ixrac edəcək – Artıq zavod tikilir

11:34 - 4.06.2020


4 iyun, Fineko/abc.az. Neftçalada Nərə Balıqartırma zavodu tikilir.

ABC.AZ-ın apa-ya istinadən məlumatına görə, bu barədə Kür Təcrübə Nərə Balıqartırma zavodunun direktoru Elşən Məcidov məlumat verib.

Onun sözlərinə görə, Neftçalada Kür Təcrübə Nərə Balıqartırma zavodunun bir hissəsi yenidən qurulmaqla ərazidə böyük infrastriktura malik nərə balıqartırma zavodu inşa edilir.

Yenidənqurma və tikinti işləri son 20 ildə fəaliyyətsiz qalan Kür Təcrübə Balıqartırma zavodunun bazasında aparılır: "64 il əvvəl, Neftçala rayonunun Yenikənd kəndində salınan zavod hazırda ən müasir texnoloji avadanlıqlar tətbiq edilməklə tikilir. 21 tikilidən ibarət olan və 70 hektar ərazini əhatə edən zavodun ərazisində açıq havada 35 nohur yaradılıb. Ümumiyyətlə, müasir tələblərə uyğun qurulan Kür Təcrübə Balıqartırma müəssisəsində nərə cinsli balıqların kürüsündən körpə balıqlar alınacaq. Filtrasiya olunmuş suda yetişdirilən balıqların bir hissəsi ekoloji layihə olaraq Kür çayı və Xəzər dənizinə buraxılacaq. Məqsəd sözü gedən su hövzlərində nərə cinsli balıqların nəslinin kəsilmə təhlükəsini aradan qaldırmaqdır. Zavodun əsas iş prinsipi su itkisi olmadan, yəni ekologiyaya zərər vermədən balıq yetişdirmək olacaq. Yetişdirilən nərə cinsli balıq körpələrinin bir hissəsi böyüdülərək əmtəəlik məqsədi ilə istifadə ediləcək. İstehsal olunan balıq əti və kürü təbii su hövzələrindən ovlanan balıqlardan alınan məhsullardan fərqlənməyəcək. Bunun üçün rayonun Şirvanlı kənd ərazisində, Xəzər dənizinə yaxın sahədə yardımçı təsərrüfat yaradılıb. 64 dairəvi hovuz tikilib və dəniz suyu ilə doldurulub.

Zavodda ilkin mərhələdə il ərzində 100 ton əmtəəlk balıq və 10 ton kürü istehsal olunacaq. Əldə edilən məhsulun bir qismi yerli təlabatın ödənilməsinə, qalanı isə ixrac ediləcək".