Ata Bank və Amrah Bank-da qorunan əmanətlərin kompensasiyalarını “Kapital Bank” qaytaracaq

12:13 - 10.05.2020


10 may, Fineko/abc.az.  Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının qərarına əsasən, Ata Bank  və Amrah Bank-da qorunan əmanətlərin kompensasiyalarının verilməsi üçün agent bank qismində “Kapital Bank” ASC seçilib.

Bu barədə ABC.AZ-a ADIF-dən məlumat verilib.

Bildirilib ki, “Ata Bank” ASC və “Amrah Bank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pulköçürmə sistemi vasitəsilə ödəniləcək. Əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq.

“Kapital Bank” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq: İyunun 1-dən “Ata Bank” ASC və “Amrah Bank” ASC-də 30 min manat olan əmanətlər üzrə kompensasiyaların verilməsi; iyulun 1-dən 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların verilməsi.

“Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Əmanətlərin qaytarılması prosesi haqqında vətəndaşlara əlavə məlumat veriləcək.