Azərbaycanda özəl sektorun kreditləşməsi üçün daha böyük potensial var - Mühüm açıqlama

14:59 - 3.04.2020


3 aprel, Fineko/abc.az. Pul siyasətinin lövbəri tədriclə pul bazasından qısamüddətli faizlərin üzərinə keçirilməlidir. Çünki qısamüddətli faizlər nə qədər aşağı olsa, investisiya da bir o qədər çox olacaq.

ABC.AZ xəbər verir ki, bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. Onun sözlərinə görə, Azərbaycanda verilmiş kreditlər üzrə real faiz dərəcəsi inflyasiya da nəzərə alınmaqla 11,1 faizdir. V. Qasımlı qeyd edib ki, indiki halda mövcud biznes kreditlərinin yükünün 10 faizinin dövlətin subsidiyalaşdırması, yeni kreditlərin isə faizlərinin yarısının və zəmanətinin 60 faizinin dövlətin öz üzərinə götürməsi, əslində real faizin biznes üçün əhəmiyyətli dərəcədə aşağı salınmasıdır: "Bu iki proqram çərçivəsində veriləcək 1,5 milyard manatlıq dövlət dəstəyi biznes kreditləri formasında iqtisadiyyata qoyulacaq sərmayədir.

Üstəlik pul multiplikatorunu da nəzərə alsaq, 1.5 milyard manat dəstək daha da böyüyə bilər. Dünya üzrə özəl sektora verilən kreditlər ÜDM-in 129,7 faizini təşkil etdiyi halda, Azərbaycanda bu göstərici 20,8 faiz olub (2018-ci il üçün). Beləliklə, özəl sektorun kreditləşməsi üçün daha böyük potensial var".

Müəllif: Elmir Murad