Elman Rüstəmov əhalidəki narahatlığa son qoydu - Valyuta məzənnəsi tarazlaşıb

09:57 - 13.03.2020


13 mart, Fineko/abc.az. Azərbaycan iqtisadiyyatı neftin qiymətinin azalmasına kifayət qədər dayanıqlıdır.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Real tv-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2015-ci ildən sonra bir sıra tədbirlər görülüb və hökumət iqtisadiyyatı yeni bir neft qiymətində tarazlaşdırmağa nail olub.

Ölkənin baş bankiri qeyd edib ki, hökumət neftin qiymətlərini tədricən Azərbaycanın sosial inkişaf proqnozlarında və dövlət büdcədəsində azaltmağa doğru gedib: "2015-ci ildə neftin qiyməti büdcədə təxminən 90 dollar idi. Amma bizim cari büdcəmizdə neftin qiyməti 55 dollar səviyyəsində qurulub. Və bizim sosial inkişaf proqramımız buna əsaslanır. Büdcə qaydaları qəbul olunub, manatın məzənnəsi bu səviyyədə tarazlaşıb və biz  gördük ki, 2018-2019-cu illərdə bazarda ucuzlaşma yox, bahalaşma təzyiqi vardı. Yəni valyuta məzənnəsi də tarazlaşıbdır. Bu dövrdə kifayət qədər valyuta ehtiyatları da yaratdıq. 55 dollar neft üçün yüksək rəqəm deyil. Bu həm ölkədə sosial iqtisadi inkişaf proqramı reallaşdırmağa, həm də iqtisadiyyatı stabil saxlamağa imkan verdi, xüsusən də ötən il cənab prezident tərəfindən böyük sosial inkişaf proqramı reallaşdırıldı. Lakin bu gün neftin qiyməti ucuzlaşıb, mən hesab edirəm ki, bu Azərbaycan iqtisadiyyatı üçün hələ də təhlükəli zonada deyil. Bu komfort zonadır".

Müəllif: Elmir Murad