Əmanətlərin tam sığortalanmasının müddəti uzadılacaq – Qərar verildi

14:51 - 5.03.2020


5 mart, Fineko/abc.az. Bütün qorunan əmanətlərin tam sığortalanması müddəti 9 ay uzadılacaq.

Mərkəzi Bankdan ABC.AZ-a daxil olan məlumata görə, “Əmanətlərin tam sığortalanması haqqında” Qanun üzrə müddətin yenidən uzadılması məsələsi Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasında geniş müzakirə edilib.

Nəticədə əmanətçilərin və kreditorların mənafelərinin daha etibarlı qorunması üçün “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun əlavə 9 ay uzadılması məqsədəuyğun sayılıb. Maliyyə Sabitliyi Şurasının tövsiyəsi dəstəklənib və yeni seçilmiş Milli Məclis fəaliyyətə başlayandan sonra Qanun layihəsi parlamentin müzakirəsinə təqdim ediləcək.

Beləliklə də bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan fondun iştirakçı bankları tərəfindən əmanətlərin tam sığortalanması müddətinin bu il martın 4-dən dekabrın 4-dək uzadılması nəzərdə tutulur.