Amazon əməkdaşları 20-dən çox ölkədə tətilə hazırlaşır

15:12 - 26.11.2026


26 noyabr, Fineko/abc.az. Amazon şirkətinin əməkdaşları ənənəvi Milad endirimlərinin başlanacağı noyabrın 27-dən etibarən 20-dən çox ölkədə çoxgünlük tətil və etiraz aksiyaları keçirəcəklər.

“Make Amazon Pay” (“Amazon ödəməlidir”) şüarı altında keçiriləcək kampaniya UNI Global Union və Progressive International beynəlxalq həmkarlar ittifaqı birlikləri tərəfindən əlaqələndirilir.

Etirazlar ABŞ, Kanada, Almaniya, Yaponiya, Polşa, Hindistan və digər ölkələrdə keçiriləcək. Almaniyada Verdi həmkarlar ittifaqı 11 şəhərdə tətil elan edib.

İşçilər əməkhaqlarının artırılmasını və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edir, həmçinin Amazon-un Almaniya bölməsinin rəhbərliyini həmkarlar ittifaqı fəaliyyətinə mane olmaqda ittiham edirlər.