Azərbaycan keramik plitələrin ixracını 2,3 dəfə artırıb

14:27 - 26.11.2026


26 noyabr, Fineko/abc.az. Cari ilin ilk doqquz ayı ərzində Azərbaycan keramik döşəmə və divar plitələrinin ixracını 2,3 dəfə artıraraq 9,67 milyon ABŞ dollarına yüksəldib.

Ötən ilin eyni dövründə xarici bazarlara 4,23 milyon dollar dəyərində məhsul tədarük edilmişdi ki, bu da illik müqayisədə ixrac dəyərinin 128,7% və ya 5,44 milyon dollar artması deməkdir.

Fiziki ifadədə isə ixrac həcmi 119,7% artaraq 894,2 min kvadratmetrdən 1,96 milyon kvadratmetrə çatıb. Ümumi ixracın 94%-i və ya 9,09 milyon dollarlıq hissəsi əsas alıcı olan Rusiyanın payına düşüb, bir kvadratmetr məhsulun orta ixrac qiyməti isə 4,1% bahalaşaraq 4,73 dollardan 4,92 dollara qalxıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə minalanmış keramik üzlük plitələrin istehsalı 27,3% artaraq 3,95 milyon kvadratmetrdən təxminən 5,03 milyon kvadratmetrə yüksəlib.

Qeyd edək ki, yerli istehsalçılardan biri olan və Çin kapitalı hesabına 85 milyon manatdan çox investisiya ilə Sumqayıt Kimya Sənaye Parkında qurulan “Azərbaycan Vanhong Ceramics Co.” MMC Rusiya ilə yanaşı Belarus, Gürcüstan, Özbəkistan və Qazaxıstana da məhsul ixrac edir.