Abituriyent hazırlığı bahalaşdı: Kurslarda qiymətlər neçəyədir?

16:17 - 17.11.2026


17 noyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin oktyabrında Azərbaycanda abituriyent hazırlığı kurslarının orta aylıq qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% (2 manat 30 qəpik) artaraq 42 manat 82 qəpikdən 45 manat 12 qəpiyə yüksəlib.

Avqustda 43 manat 41 qəpik olan orta aylıq ödəniş sentyabrda 1 manat 71 qəpik artıb və oktyabrda da həmin səviyyədə qalıb.

Açıq elanlar üzrə aparılan araşdırmaya görə, hazırda kurslarda bir fənn üzrə aylıq qrup hazırlığının qiyməti 40-70 manat arasında dəyişir.

Belə ki, “Tərəqqi-1”də 7 aylıq proqram üzrə bir fənn 40 manata, “NeoAcademy”də 60 manata, maksimum 5 nəfərlik qruplar təşkil edən “Kiddo Academy”də isə 70 manata təklif olunur.

Ümumi hazırlıq paketlərinə gəldikdə, “Bookmart”da əyani və onlayn dərslər aylıq 50 manata, beş fənni əhatə edən qrup hazırlığı 140 manata, “ZE Academy”də 150 manata, “Uğur MM” Tədris Mərkəzinin səkkiz aylıq qrup proqramı isə aylıq 250 manata təqdim edilir.

© Banker