Paytaxtda 3,88 milyon manatlıq layihə-smeta tenderinin qalibi bilindi

12:07 - 25.11.2026


25 noyabr, Fineko/abc.az. Bakı şəhərində dövlət mənzil fonduna daxil olan binaların təmiri məqsədilə layihə-smeta sənədlərinin tərtibatını “Az.Arxitektura” MMC həyata keçirəcək.

Sözügedən şirkət “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən təşkil olunan dövlət satınalmasının qalibi olub.

Tender elanına əsasən, bu sənədlərin hazırlanması işlərinin ehtimal olunan dəyəri 3 milyon 881 min 755 manat məbləğində qiymətləndirilib.

Sentyabrın 30-da start verilən müsabiqə üzrə təkliflərin qəbulu prosesi oktyabrın 30-da yekunlaşıb.

Qeyd edək ki, “Az.Arxitektura” MMC cari ilin may ayında da paytaxtın dövlət mənzil fonduna aid binaların təmiri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması üzrə analoji seçimdə qalib gəlmişdi.