Emal sənayesində təzad: Ümumi mənfəət artıb, KOB-lar itirib

11:18 - 18.11.2026


18 noyabr, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanda emal sənayesi müəssisələrinin satışdan ümumi mənfəəti əvvəlki illə müqayisədə 21,3% artaraq 3,73 milyard manatdan 4,52 milyard manata yüksəlib.

Lakin eyni dövrdə bu sektorda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq (KOB) subyektlərinin mənfəəti 63,1% azalaraq 607,7 milyon manatdan 224,4 milyon manata enib və nəticədə onların sektorun ümumi mənfəətindəki payı 16,3%-dən 5%-ə düşüb.

Kateqoriyalar üzrə mənfəət və rentabellik göstəricilərində də kəskin geriləmə qeydə alınıb.

Belə ki, orta müəssisələrin mənfəəti 69,5% (491,7 milyondan 150,2 milyon manata), mikro müəssisələrin mənfəəti 84,1% (2,85 milyon manata), kiçik müəssisələrin mənfəəti isə 27,3% (71,3 milyon manata) azalıb.

Eyni zamanda KOB-ların ümumi rentabellik səviyyəsi 17,7%-dən 5,7%-ə, o cümlədən mikro müəssisələrdə 22,8%-dən 3,1%-ə, kiçik müəssisələrdə 12,7%-dən 8,2%-ə, orta müəssisələrdə isə 19,1%-dən 5,1%-ə enib.