Azərbaycanda avtomobil yuma xidməti 5,1% bahalaşıb

10:08 - 18.11.2026


18 noyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin oktyabr ayında Azərbaycanda avtomobillərin yuyulması xidmətinin orta qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 35 qəpik (5,1%) artaraq 6 manat 80 qəpikdən 7 manat 15 qəpiyə yüksəlib.

İl ərzində mərhələli artım müşahidə olunub: yanvarda 6 manat 92 qəpik olan orta qiymət iyulda 7 manat 09 qəpiyə, sentyabrda 7 manat 14 qəpiyə, oktyabrda isə 7 manat 15 qəpiyə çatıb.

Bazar təkliflərinə əsasən, qiymətlər avtomobilin ölçüsündən və xidmət növündən asılı olaraq dəyişir.

Belə ki, Xətai rayonunda yerləşən “003 Auto Yuma” və “018 Avto Yuma” məntəqələrində qiymətlər 10 manatdan, “021 Cars”da 12 manatdan, Abilov küçəsindəki “Auto Yuma”da isə 15 manatdan başlayır.

“MaxWax”da standart yuma xidməti sedan avtomobillər üçün 15 manat, SUV modelləri üçün 20 manat təşkil edir.

“Tərtəmiz” xidmətində isə səyyar kuzov yuması 25 manatdan, kuzov və salonun birlikdə təmizliyi isə 40 manatdan başlayan qiymətlərlə təklif olunur. Özünəxidmət avtoyumalarında isə ödəniş sərf olunan vaxta uyğun hesablanır.