Dövlət qurumlarına məxsus 11 avtomobil hərraca çıxarılır

17:18 - 19.11.2026


19 noyabr, Fineko/abc.az. Gələn il yanvarın 6-da saat 10:00-da Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin satışı üzrə hərrac təşkil ediləcək.

Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanındakı Əmlak Xidmətləri Məkanında baş tutacaq hərracda ümumilikdə 7 lot üzrə 11 avtomobil alıcılara təklif olunacaq.

Satışa çıxarılan nəqliyyat vasitələrinin 6-sı Azərbaycan Dövlət Pedaqoji Universitetinə məxsusdur və bunlar ayrı-ayrılıqda 2010-cu il istehsalı "Nissan Maxima" (8 200 manat), 2016-cı il istehsalı "Chevrolet Malibu" (8 000 manat), 2006-cı və 2007-ci il istehsalı olan iki "Nissan Teana" (müvafiq olaraq 5 500 və 5 000 manat), eləcə də 2001-ci il istehsalı "Hyundai Elantra" (4 000 manat) və 1996-cı il istehsalı "Mercedes-Benz 230" (4 000 manat) minik avtomobilləridir. Digər 5 nəqliyyat vasitəsi isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki "Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu"nun balansındadır və 1986-cı il istehsalı "QAZ 53A", 1985-ci il istehsalı "ZIL 131A", 1992-ci il istehsalı "QAZ 6616", 1989-cu il istehsalı "QAZ 66-11" və 2008-ci il istehsalı "Chevrolet Niva"dan ibarət olan bu avtomobillər vahid lot şəklində 6 600 manat ilkin qiymətlə satışa qoyulub. İlkin satış qiymətləri 4 000 – 8 200 manat aralığında dəyişən hərracda iştirak etmək istəyən şəxslər məbləğin 10 faizi həcmində beh ödəməli və müvafiq sənədləri prosesə ən geci üç bank günü qalanadək təqdim etməlidirlər.