"AzerGold" Özbəkistanda ilk xarici törəmə şirkətini təsis etdi

16:49 - 21.10.2026


21 Oktyabr, Fineko/abc.az. "AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə müəssisəsi olan "AzerGold Uzbekistan" MMC Özbəkistanda dövlət qeydiyyatına alınıb.

Yeni şirkət Özbəkistanın Qaşqadərya vilayətində yerləşən "Akba" qızıl yatağının geoloji kəşfiyyatını, mineral ehtiyatlarının JORC standartlarına uyğun qiymətləndirilməsini və istismar imkanlarının müəyyənləşdirilməsini həyata keçirəcək. Lisenziya alındıqdan sonra 18 ay davam edəcək kəşfiyyat işlərinin yekununda hazırlanacaq texniki-iqtisadi əsaslandırma əsasında investisiya təklifi təqdim olunacaq.

Bununla yanaşı, "AzerGold" QSC, "Uzbekgeologorazvedka" SC və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti tərəfindən Nəvai və Nurata ərazilərindəki perspektivli sahələrdə geoloji kəşfiyyat aparacaq birgə müəssisənin yaradılması istiqamətində də işlər sürətlə davam etdirilir.