"SOCAR Türkiye" 1,6 milyard dollarlıq uzunmüddətli borcunun refinanslaşdırılmasını yekunlaşdırıb

14:51 - 19.10.2026


19 Oktyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi "SOCAR Türkiye" əvvəlki öhdəliklərini yenidən maliyyələşdirmək məqsədilə "First Abu Dhabi Bank" (FAB) və "Mizuho Bank"ın liderliyi ilə 1,6 milyard ABŞ dolları məbləğində uzunmüddətli maliyyələşmə əldə edib.

Avropa, Uzaq Şərq və Yaxın Şərqdən 22 bankın qatıldığı sindikatlaşdırılmış kredit SOCAR-ın zəmanəti altında 5 il müddətinə, illik SOFR + 230 bazis bəndi faiz dərəcəsi ilə cəlb olunub.

Əməliyyat üzrə tələb hədəflənən məbləğdən 1,8 dəfə çox olub. SOCAR Prezidenti və "SOCAR Türkiye" İdarə Heyətinin sədri Rövşən Nəcəf bildirib ki, qlobal qeyri-müəyyənliklər fonunda əlverişli şərtlərlə cəlb edilən bu iri maliyyə resursu SOCAR Qrupunun likvidliyini artırmaqla yanaşı, beynəlxalq maliyyə dairələrinin şirkətə olan yüksək etimadının göstəricisidir.