İMF-dən xəbərdarlıq: Qlobal dövlət borcu 2030-cu ilədək ÜDM-in 100%-ni ötəcək

10:39 - 14.10.2026


14 Oktyabr, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondu (İMF) "Maliyyə Monitorinqi" (Fiscal Monitor) hesabatında xəbərdarlıq edib ki, artan borclanma xərcləri yüksək borcu olan ölkələrin dövlət maliyyəsinə təzyiqi kəskin artırır.

Təşkilatın proqnozuna görə, qlobal dövlət borcu 2030-cu ilədək dünya üzrə ÜDM-in 100%-ni keçəcək. Bu göstərici sonuncu dəfə İkinci Dünya Müharibəsindən dərhal sonra qeydə alınmışdı.

Fevral-sentyabr dövründə G7 ölkələrinin 10 illik istiqraz gəlirliliyi orta hesabla 1 faiz bəndindən çox artaraq son 20 ilin zirvəsinə çatıb. Dövlətlərin orta borclanma faizinin 2021-ci ildəki 2.3%-dən 2031-ci ilə qədər 3.7%-ə yüksələcəyi gözlənilir.

İMF vurğulayır ki, faiz yükünün artması dövlət investisiyaları və sosial xərclər üçün ayrılan resursları daraldır.