İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

17:05 - 12.10.2026


12 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev İranın daxili işlər naziri İsgəndər Momenini qəbul edərək ölkələr arasında təhlükəsizlik və ictimai asayişin qorunması daxil olmaqla, bütün istiqamətlərdə əməkdaşlığın vacibliyini vurğulayıb.

Dövlət başçısı bir neçə gün əvvəl Türkmənistanda İran Prezidenti Məsud Pezeşkianla keçirdiyi görüşü xatırladıb və ikitərəfli təmasların məhsuldar davam etdiyini bildirib.

İsgəndər Momeni İran Prezidentinin salamlarını çatdıraraq Azərbaycanın göstərdiyi humanitar yardımlara görə minnətdarlıq edib və Yaxın Şərqdə gərginliyin aradan qaldırılması istiqamətində aparılan danışıqlar barədə məlumat verib.

Prezident İlham Əliyev regiondakı gərginliyin danışıqlar yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib. Görüşdə iki ölkənin müvafiq qurumları arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.