Azərbaycanda avtomobil bazarında bu maşınlar bahalaşıb

15:18 - 12.10.2026


12 oktyabr, Fineko/abc.az. Azərbaycan Qiymətləndiricilər Palatasının məlumatına görə, sentyabr ayında ölkədə izlənilən doqquz kütləvi avtomobil modelinin median təklif qiyməti avqustla müqayisədə 1.1 faiz yüksəlib, elanların sayı isə 11.4 faiz artaraq 40 373-ə çatıb.

Bazarda bütün elanlar üzrə median qiymət 18 800 manat, orta təklif qiyməti isə 29 515 manat təşkil edib.

Qiyməti ən çox artan model "Hyundai Sonata" (5.5 faiz), azalanlar isə "Ford Fusion", "Opel Astra" və "Ford Transit" (1-2 faiz) olub.

Satışa çıxarılan avtomobillərin median buraxılış ili 2013, yürüşü isə 193 min kilometr qeydə alınıb. Elanların yarıdan çoxu (53.3 faiz) 20 min manatadək olan avtomobillərdir və portfelin 41.8 faizini yaşı 15 ildən çox olan nəqliyyat vasitələri təşkil edir.

Ən çox təklif olunan markalar "Mercedes", "Hyundai", LADA, KIA və "Toyota"dır.

Yeni avtomobil seqmentində elanların 64 faizi Çin markalarının, xüsusilə "Changan"ın (34 faiz) payına düşür.

Son illərdə (2023–2026) istehsal olunmuş minik avtomobillərinin 60 faizini hibrid və elektrik mühərrikli modellər təşkil etsə də, onların ümumi bazardakı payı 12.3 faizdir.

Coğrafi baxımdan elanların 65.6 faizi Bakının payına düşür və paytaxtda median qiymət (23 500 manat) bölgələrlə (11 800 manat) müqayisədə iki dəfəyə yaxın yüksəkdir.