Hamiləliyə və doğuma görə müavinət 8 min manat oldu - Yeni qaydalar

11:01 - 7.10.2026


7 oktyabr, Fineko/abc.az. Hamiləliyə və doğuma görə müavinətin təyin edilməsi və ödənilməsi qaydalarına edilən yeni dəyişikliklərə əsasən, proses elektronlaşdırılıb və əsas şərt kimi işəgötürənin məzuniyyət əmrini Əmək və Məşğulluq Altsisteminə (ƏMAS) daxil etməsi müəyyən olunub.

Artıq kağız formada komissiya protokoluna və ya sənəd təqdimatına ehtiyac qalmır.

Müavinət 100 faiz miqdarında ödənilir, lakin aylıq maksimum məbləğ minimum əmək pensiyasının 25 misli ilə (hazırda 8 000 manat) məhdudlaşdırılıb.

Əgər işçinin əvvəlki ardıcıl 4 rübdə əmək fəaliyyəti olmayıbsa və ya o, qismən ödənişli sosial məzuniyyətdə olarkən növbəti övladı doğulubsa, hesablama minimum əməkhaqqı əsasında aparılır.

Fərdi sahibkarlara isə müavinət proaktiv təyin olunmur; bunun üçün onların borcunun olmaması, son 4 rübün ən azı 6 ayında sığorta haqqı ödəməsi və fəaliyyətini müvəqqəti dayandırması tələb olunur.